IDEA və YARAT tullantılardan incəsənət əsəri yaratdı
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın rəhbərlik etdiyi IDEA (Ətraf mühitin mühafizəsi naminə beynəlxalq dialoq) İctimai Birliyi və “YARAT!” Müasir İncəsənət məkanı “Tullantıdan incəsənətə” adlı müştərək layihə həyata keçirib. Layihə çərçivəsində Bakı şəhərində istifadə olunmuş 3000-dən çox plastik butulka toplanılıb, onlardan paytaxtın Səməd Vurğun küçəsində Yeni İl öncəsi dekorativ şam ağacı hazırlanıb.
Bu dekorativ şam ağacını tullantılardan incəsənət nümunələri yaratmaqla dünyada məşhurlaşan, ABŞ, Şotlandiya, Niderland, Birləşmiş Ərəb Əmirlikləri, Özbəkistan və digər ölkələrdə keçirilən sərgilərdə əl işləri böyük marağa səbəb olan ingilis mütəxəssisləri - Nikolas Bleyk Sayers və Qlendon Maykl Keysi qurub. Layihədə xeyli sayda könüllülər də iştirak edib.
Hündürlüyü 7 metr, diametri 4.2 metr olan sənət nümunəsi Yeni İl ərəfəsində meşə və parklarda əkilmiş şam ağaclarını kəsmədən, ətraf mühitə zərər vermədən, alternativ yollardan istifadə etməklə süni şam ağacları əldə etməyin mümkünlüyünü göstərir.
Qeyd edək ki, ağacın ərsəyə gətirilməsində istifadə olunmuş butulkalar “Pepsi Azərbaycan” şirkəti tərəfindən təmin olunmuşdur.