“Green Conversation Club” layihəsi çərçivəsində növbəti görüş keçirilmişdir
29 mart tarixində IDEA İctimai Birliyinin AR Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında yerləşən Resurs Mərkəzində IDEA-nın “Green Conversation Club” layihəsi çərçivəsində növbəti görüş keçirilmişdir.
Klubun bu dəfəki mövzusu biomüxtəliflik və onun mühafizəsinə həsr olunmuşdur. Gənclərlə birgə bioloji müxtəlifliyin qorunması və davamlı istifadəsi, bu sahədə beynəlxalq ekoloji təşkilatların təcrübəsi, beynəlxalq və milli statusa malik olan nadir və nəsli kəsilən bitki və heyvan növləri barədə söhbət aparılmışdır. Həmçinin IDEA İctimai Birliyi tərəfindən Azərbaycanın, o cümlədən Qafqaz regionunun biomüxtəlifliyinin mühafizəsi və zənginləşdirilməsi üzrə həyata keçirilən - “Ceyranların Qafqazdakı tarixi yerlərinə reintroduksiyası”, “Azərbaycanda bəbirlərin sayının bərpa edilməsi” layihələri, “Bizonların reintroduksiyası” üzrə görülən işlər və bu sahədə beynəlxalq əməkdaşlıq haqqında müzakirələr aparılmışdır.
Görüş gənclərin bioloji müxtəlifliyə və ekosistemlərə təhlükə törədən amilləri öyrənmələri, biomüxtəlifliyin mühafizəsi istiqamətində görülən işlərə töhfə vermələri baxımından əlamətdar olmuşdur.
IDEA İctimai Birliyi “Green Conversation Club” layihəsinə gənc ekoloqların ətraf mühit və davamlı inkişaf üzrə biliklərini, eləcə də onların xarici dil (ingilis dili) səviyyələrini təkmilləşdirmələri məqsədi ilə 2012-ci ilin iyun ayında start vermişdir.